x
Esthet.az

Blog Details

HomeÜmumi Saç HaqqındaSaç tökülməsi

Saç tökülməsi

Dermatoloq Vaqif Abdullayev ilk olaraq bildirdi ki, saçı darayanda, dartanda, 7-8-9 tel düşürsə, norma daxilindədir. 15-20-idirsə, problemdir. Gün ərzində 60-a qədər saç tökülməsi normal sayılırsa, 100-200-dürsə, ciddi problem göstəricisidir. Ciddi problemlə üzləşənlərin sayının bu gün çox olmasına gəlincə, V.Abdullayev dedi ki, saç tökülməsinə təsir edən faktorlar artır, ona görə indi bu problemlə üzləşənlər də çoxalıb: “Əslində, əvvəllər də insanlarda saç tökülməsi halları olub. Təbii ki indiki qədər deyildi. Zamanla saç tökülməsinə təsir edən faktorlar artır. Ona görə müasir zamanda saç tökülmə problemi ilə müraciət edənlər də çoxdur”.
V.Abdullayev faktorların fərqli və çox olduğunu dedi: “Autoimmun xəstəliklər, hormonal balansın pozulması, infeksion xəstəliklər, stress, bəzi mikroelementlərin çatışmazlığı və s. ola bilər. Məsələn, sink, dəmir çatışmazlığından saç tökülə bilər. Urbanizasiyanın təsirindən yetəri qədər mikroelement, vitamin qəbul edə bilməyən insanlar var. Bu da təsirini göstərir. COVİD-19-dan sonra saç tökülmələri çox artıb. Saç diblərinə zərər vuran formada hörük, saç yığımları olarsa, onun da təsiri ola bilər. Saç tökülməsi problemi yaşayanların çoxu heç də onları edənlər deyil. Çünki o cür yığımlar indi dəbdə deyil. Arada-sırada yığırlar, onun da elə təsiri olmayacaq”.
Qadınların saç daraması hallarının azalmasının təsirinə gəlincə, V.Abdullayev bununla bağlı hər hansı elmi araşdırma olmadığını dedi: “Saçın daramamaq saçın tökülməsinə təsir edən ciddi faktor deyil. Düzdür, daranma özü də bir masaj kimi dərinin mikrosirkulyasiyasına müsbət təsir göstərir. Masaj zamanı damarlar daha çox genişlənir, saç kökünə daha çox qan gəlir. Saç kökləri daha yaxşı qidalanır. Müsbət effekt verir. Ancaq demək olmaz ki, saçların tökülməsində daranmaya az gedilməsi səbəbdir”.
Dermatoloqun sözlərinə görə, səbəbini bilmədən tətbiq etdiyimiz həll yolu nəticə verməyəcək: “Adam var ki, hansısa vitamini qəbul edir, saç tökülməsi dayanır. Sonra hamıya məsləhət görür ki, mən bunu etdim, düzəldi. Rəfiqəsi də edir, amma onda nəticə uğurlu olmur. Çünki problem eyni olsa da, səbəb fərqlidir. Deməli, rəfiqəsində səbəb başqadır. Onu tapmaq lazımdır. Boşuna vitamin qəbul etməyin faydası olmayacaq. Bəzən adam çox stress keçirir, hər bir məsələyə baxır, amma səbəbin stressi ilə bağlı olduğunu düşünmür. Bu diaqnozu özü qoymamalıdır. Ola bilər adam stressə bağlayar, amma hansısa daxili problemlə bağlı olar. Diaqnozu mütəxəssis qoymalı və ona uyğun tədbirlər görülməlidir”.
Şampunların effektinə inananlar da var. V.Abdullayev deyir ki, müalicəvi şampunlar var, bu da bütün növ saç tökülmələrində effektli olmur: “Müalicəvi və kosmetik şampunlar var. Kosmetik şampunlar elə bir güclü effektə malik deyil. Yuyucu vasitə kimi rahat istifadə edilə bilər. Müalicəvi şampunlara gəlincə, tibbdə onların effektinə inanan da var, inanmayan da. Bu da problemə görə dəyişir. Problem daxilidirsə, bu zaman rolu olmayacaq. Ancaq saç dərisi kimi məsələyə bağlıdırsa, o zaman effekt göstərə bilir. Müalicəvi şampunlar da yalnız həkimlər tərəfindən təyin olunmalıdır”.
V.Abdullayev bildirdi ki, saç dərisinə qulluğu unutmamalıyıq: “İllər öncə ilə müqayisə etsək, bu gün xanımlarımızın saça qulluq faizi çox artıb. 30-40 il əvvəl insanlar saçlarına daha az fikir verirdilər, nəinki indi. Necə ki üz dərisinə, dırnaqlara qulluq edilir, saçlara da qulluq etmək lazımdır. Düzgün şampunlardan, yuyucu vasitələrdən istifadə etmək lazımdır. Yağlı saçlardırsa, yağlı saçlar üçün olan şampunlardan istifadə edilsin. Quru saçlardısa, onu yağlı saçlar üçün olan şampunlarla yuduqda, saçların daha çox quruması müşahidə olunacaq. Daha çox ziyan görəcək”.
Mütəxəssis bildirdi ki, sağlam saçlarımız olması üçün qidalanmaya xüsusi diqqət etməliyik: “Qidalanma düzgün olmalıdır. Rasionumuz vitaminlərlə, mikroelementlərlə zəngin olmalıdır. Tək “fast-food”larla qidalanan adamın dərisi də, saçı da düzgün qidalanan insanın saçından, dərisindən fərqli olacaq. Spirtli içki, siqaret saçlara mənfi təsir göstərir. Saçların sağlam olmasını istəyirsinizsə, mütləq qidalanmaya fikir verin. Gün ərzində 2 litr su içməyi unutmayın”.
Saç boyalarının təsirinə gəlincə, dermatoloq qeyd etdi ki, bu məsələdə ümumiyyətlə, diqqətli olmalıyıq: “Perikis tərkibli saraldan boyalar saçları çox zədələyir. Saçların diametrində incəlmələr müşahidə oluna bilir. Saçın uzanmasına təsir göstərə bilir. Tünd rəngli saç boyalar isə tərkibində kansoregen çox olduğu üçün əksər hallarda bir çox ölkələrdə qadağan olunmaq üzrədir. Xərçəng yaratma riskləri yüksəkdir. Tərkiblərində fenol olmasın”.
Həkim sonda qeyd etdi ki, əgər saç tökülməsi normadan çoxdursa, 2 aydan çox davam edirsə, mütləq həkimlə məsləhətləşmək lazımdır.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir